воскресенье, 27 июня 2010 г.

3. İmamət

İmamət və xilafətin mə'nası rəhbərlikdir. Bu söz Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar üçün "rəhbərlik" termininə çevrildi. O, heç bir kəsin inkar edə bilməyəcəyi bir anlayışdır. Çünki "rəhbərlik" hər bir cəmiyyətin fitri tələbatıdır. Müsəlmanlardan sayılan şi'ə və sünni məzhəbinin ixtilafı, imam və ya xəlifəni tə'yin etmək və onun gördüyü işlər ətrafında cərəyan edir. Bu, ümumilikdə onların arasında olan ən böyük ixtilaflardan biri hesab olunur. Təbii ki, qalan ixtilaflar da bu böyük ixtilafın nəticəsidir. Şi'ənin nəzərincə "İmamət" Peyğəmbərdən (s) gələn nəssə əsasən Əhli-Beytdən (ə) olan on iki İmama məxsusdur. Peyğəmbərin (s) vəfatından sonra İslam hökmləri, həmin İmamlara və yaxud onlardan rəvayət olunan hədislərə müraciət etməklə tanınır. Onların sözü başqalarının sözü ilə zidd olarsa, Peyğəmbər (s) adətlərinin əmanətdar qoruyucusu adı ilə vəsf olunduqları üçün, onların sözünü qəbul etmək vacibdir.

Sünnilər isə İmamət barəsində deyirlər ki, o Şura ilədir. Lakin onlar, sabiq xəlifənin gələn xəlifə üçün nəss etməsini qadağan bilmirlər. Necə ki, Əbu-Bəkr öz xilafəti vaxtında Ömərin xilafəti üçün nəss etmişdi. Eyni zamanda onlar, Əməvilər, Abbasilər və Osmanilərin xilafət dövründəki kimi, xilafətin zor və qılınc gücü ilə alınmasını caiz bilirlər. Onlar, İslam hökmlərini, səhabələr arasında heç bir fərq qoymadan rəvayət olunan doğru hədislərə müraciət etməklə tanıyırlar. Bu səhabələrin əksəriyyətinin Cəməl və Siffeyn müharibəsində iştirak etməsinə baxmayaraq, sünnilər onların hamısını ədalətli və inanılmış hesab edirlər. Halbuki, onlar adı çəkilən tarixi hadisələrdə bir-birlərini qətlə yetirmişlər. Bu hadisələr onların çoxunun ədalətini şəkk və sual altında qoyur. İnşaallah gələcək fəsldə səhabələrin ədaləti barəsində geniş şərhi oxuyacaqsan.

Sünni və şi'ə məzhəbi arasında olan ixtilafın davam etdiyi bir halda daha yaxşı olar ki, bir məzhəbin batilliyinə hökm verərək birini o birindən üstün tutmazdan əvvəl hər bir dəstənin dəlil və bürhanlarını aramla nəzərdən keçirək. Məhz bəhsimizi də bu məqsədə məxsus etmişik. Şi'ələrin imamətlə bağlı olan məzhəblərini dəlillərlə sübut edərək ondan yapışmalarını və sünnilərin bunun əleyhinə olan cavablarını aşağıdakı kimi xülasə etmişik:

1. Əhli-Beytin (ə) imamətini subut edən dəlillər.

2. Əhli-Beytdən (ə) olan imamların sayını subut edən dəlillər.

3. Peyğəmbərin (s) Əli-ibn-Əbi-Talibi (ə) xilafətə tə'yin etməsini subut edən dəlillər.

Комментариев нет:

Отправить комментарий